Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
10 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Fəxri Xiyabanda olmuşdur.
Xidmətin əməkdaşları xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.
Sonra tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun Vətən, xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir. Bildirmişdir ki, Ulu öndər nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda-doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və əbədiliyi uğrunda bütün həyatını sərf etmişdir.
Qeyd edilmişdir ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrini təşkil etmişdir. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçmişdir.
1990-1993-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır vəziyyətdən bəhs edən P. Musayev bildirmişdir ki, həmin illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə parçalanmaq təhlükəsindən xilas olmuşdur. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha dahi lider Heydər Əliyevin ucalığının şahidi olarıq. Ulu öndər dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüşdür. Atəşkəsin elan olunması, “Əsrin müqaviləsi”nin imzalanması, Milli Ordunun formalaşdırılması və digər mühüm əhəmiyyətli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmışdır. Ümummilli lider Heydər Əliyev siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanı işıqlı, xoşbəxt gələcəyə aparır.
P.Musayev bildirmişdir ki, tarixdəki liderlər mümkün olanı həyata keçirməyi bacaran şəxslərdir. Ümummilli lider Heydər Əliyev mümkün olmayanı uğurla reallaşdıran dahi liderdir. Məhz buna görə də Ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.
Sonda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş film nümayiş olunmuşdur. Film Ulu öndərin həyat və fəaliyyətindən, Vətən, xalq qarşısnda gördüyü misilsiz xidmətlərdən, eləcə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevaya olan sonsuz məhəbbətindən bəhs edir. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən dahi liderin 90 illik yubileyi ilə bağlı hazırlanmış “Miqrasiya” jurnalının xüsusi buraxılışı Xidmət əməkdaşlarına təqdim olunmuşdur.