newsPhoto

Oktyabrın 6-da  Dövlət Miqrasiya Xidmətində Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüş olub

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  əvvəlcə Azərbaycanla Küveyt arasında dostluq münasibətlərinə toxunub. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlərin, sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının respublikamızı əcnəbilər üçün cəlbedici etdiyinə diqqət çəkib. F.Nəbiyev ölkəmizin miqrasiya qanunvericiliyində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən  bəhs edib. Bütün bu sadalananlar respublikamıza səfərə gələn əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan dövlətinin diqqət və qayğısının nümunəsi kimi dəyərləndirilib.

Hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması dövlətlərimiz arasında əməkdaşlığın yüksək nümunəsi kimi qiymətləndirilib.

Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycanın sürətli inkişafından, abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bir neçə ay əvvəl “Azərbaycan Respublikası və Küveyt Dövləti arasında hava əlaqəsi haqqında Saziş”in layihəsinin müvafiq qaydada razılaşdırıldığını qeyd edib və tezliklə ölkələrimiz arasında müntəzəm uçuşların yerinə yetirilməsinə başlanılacağına ümidvar olduğunu bildirib. Diplomat Küveytdən çox sayda turistin ölkəmizə gəldiyini, küveytli sahibkarların Azərbaycana sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Səfir 4 il əvvəl “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin imzalanmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Daha sonra iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qlobal miqrasiya prosesləri və Avropada mövcud olan miqrant böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur