Aprelin 28-də Dövlət Miqrasiya Xidmətində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş, əziz xatirəsini anmış,  abidəsi önünə tər çiçəklər düzmüşlər.

 

Sonra Dövlət Miqrasiya Xidmətində Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Mərasimi Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev açaraq görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan bəhs etmişdir. Onun insani keyfiyyətləri, sadəliyi, səmimiliyi, neçə-neçə insanın gözünə nur bəxş etdiyi, oftalmologiya elminə verdiyi töhfələri xatırlanmışdır. Ümummilli lider Heydər Əliyevin ömür - gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı kimi Azərbaycan cəmiyyətində tutduğu nümunəvi mövqeyinə diqqət çəkilmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin idarə rəisi, miqrasiya xidməti müşaviri Vəfa Əsadovanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və faəliyyətindən bəhs edən məruzəsi dinlənilmişdir.

 

Xidmətin tibb müəssisəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Nigar Hüseynova “yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir” deyən Zərifə xanım Əliyevanın xatirəsinin hər bir tibb işçisi tərəfindən əziz tutulduğunu qeyd etmişdir.

 

Mərasimdə çıxış edən Milli Məclisin üzvü Məlahət İbrahimqızı bu qədər titullarına baxmayaraq Zərifə xanım Əliyevanın sadəliyi, səmimiliyi ilə insanların rəğbətini qazandığı və Azərbaycan qadınının örnək və parlaq nümayəndəsi olduğunu bildirmişdir. Mükafatlarını xatırladan natiq bu adlar sırasında ən şərəflisinin böyük insan, qayğıkeş ana adı olduğunu vurğulamışdır.

 

Sonda tədbir iştirakçıları kinorejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxmışlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur