4 sentyabr 2008-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində dəyirmi masa keçirilmişdir
5 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarımilində sosial-iqtisadi inkişafın nəticələrinə həsr edilmiş geniş iclasında miqrasiya idarəetmə sisteminin inkişafının diqqət mərkəzində olması, dövlət tərəfindən tənzimlənməsi məsələləri ön plana çəkilmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını cəlb edib, həmçinin, burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olub ki, bu da öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini tələb edir. İclasda miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi dövlət orqanları qarşısında bir vəzifə kimi qoyulmuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, vaxtaşırı hesabatlar və statistik məlumatların təqdim edilməsi, həmçinin yeni texnologiyalar tətbiq edilməklə vahid uçotun aparılmasının təmin edilməsi tapşırığı verilmişdir.
Bununla əlaqədar miqrasiya sahəsində qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı 04 sentyabr 2008-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində aidiyyəti dövlət orqanlarının iştirakı ilə “dəyirmi masa” keçirilmişdir. Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətli əməkdaşlarının iştirakı ilə keçirilən görüşün məqsədi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli Fərmanı ilə əlaqədar bəzi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklərin tətbiqinin müzakirəsi və bu sahədə dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi olmuşdur.
İlk növbədə Dövlət Miqrasiya Xidmətinin rəisi cənab A. Rəhimov bununla bağlı 24 iyun 2008-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun və bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli Fərmanı ilə əlaqədar bəzi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklərlə bağlı çıxış etmişdir. Yeni qanunla bağlı Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətlərinin müəyyən edilməsi, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi proseduru, immiqrant statusu əldə etmiş şəxslər üçün nəzərdə tutulmuş sənədlərin təsdiqi, əcnəbilərin qeydiyyatı sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu barədə geniş məlumat vermişdir.
Ölkədə qeyri-qanuni və ya qeydiyyatsız yaşayan, ölkədə olma və ya ölkə ərazisindən tranzit keçid qaydalarını pozan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər barədə cərimə tədbirlərinin on dəfə, miqrasiya qanunvericiliyini pozan vəzifəli şəxslər, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməyən şəxslərə qarşı cərimə tədbirlərinin bir neçə dəfə artırıldığını qeyd edən natiq, bu tədbirlərin gələcəkdə qanun pozuntularının qarşısının alınması üçün çox faydalı olacağını bildirmişdir.
Daha sonra aidiyyəti dövlət orqanları ilə birlikdə miqrasiya sahəsində son dəyişikliklərə dair qanunvericiliyin tətbiqi mexanizmi və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı ortaya çıxa biləcək problemlər dəyirmi masa arxasında müzakirə olunmuşdur.