Dövlət Miqrasiya Xidmətində Filippin Respublikasının nümayəndələri ilə görüş olub
Filippin Respublikasının Ankaradakı Baş Konsulu Robert O. Ferrer və Filippin Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin attaşesi Corc Llabreslə görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun fəaliyyəti barədə ətraflı danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən söhbət açan Xidmət rəisi, Azərbaycan dövlətinin miqrasiya proseslərinin tənzimlənilməsi və idaredilməsi sahəsində qısa müddət ərzində qazandığı təcrübəyə diqqət çəkib. Milli miqrasiya qanunvericiliyinin formalaşdırıldığını vurğulayıb. Bildirib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Son illərdə dünyada baş verən hərbi, siyasi münaqişələr nəticəsində yaranan kütləvi qaçqın axınları, Avropanın üzləşdiyi miqrant böhranı barədə söhbət açılıb. Xidmət rəisi qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq azərbaycanlı 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. İyirmi ildən çox müddət ərzində Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin 250 min nəfəri müvəqqəti yaşayış üçün yeni salınmış 93 müasir qəsəbəyə köçürülüb.
Filippin Respublikasının Ankaradakı Baş Konsulu Robert O. Ferrer səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Görüşdə İki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycan Respublikasında yaşayan Filippin vətəndaşlarının hüquqlarının qorunması sahəsində görülən işlər, göstərilən dəstək qonaqların diqqətinə çatdırılıb. Qanunsuz miqrasiya hallarının qarşısının alınması istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.