Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycanın “Çempion ölkələr” təşəbüssünə sədrliyi çərçivəsində Cenevrədə görüş keçirilib

Noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində Azərbaycanın BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin “Çempion ölkələr” təşəbbüsünə sədrliyi çərçivəsində görüş keçirilib. Tədbir Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü, Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi, eləcə də BMT-nin Miqrasiya üzrə Şəbəkəsi ilə əməkdaşlıq şəraitində təşkil olunub. BMT üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən  görüşün məqsədi cari ilin may ayında keçirilmiş İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumunun nəticələrinin praktiki müstəvidə davam etdirilməsi və “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli miqrasiya sahəsində çoxtərəfli tərəfdaşlığın dərinləşdirilməsinin və beynəlxalq öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın miqrasiya idarəçiliyi sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkən daimi nümayəndə keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin yerli icmaların rifahının yüksəldilməsinə və dayanıqlılığının gücləndirilməsinə töhfə verdiyini bildirib.

Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Azərbaycanın “Çempion ölkələr” təşəbbüsünə sədrliyi çərçivəsində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. O, ölkəmizin İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq prosesində və Forum çərçivəsində fəal iştirak etdiyini, “Çempion ölkələr” adından birgə bəyanatın təqdim olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, “Çempion ölkələr” arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, müştərək prioritetlər üzrə səylərin əlaqələndirilməsi və Qlobal Paktın icrasına dəstək verən  təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb. Bu xüsusda, miqrasiya marşrutları boyunca regional və regionlararası əməkdaşlığın genişləndirilməsi, beynəlxalq icmal dövrləri arasında davamlı əlaqələndirmənin təmin olunması və birgə təşəbbüslərin konkret nəticələrə yönəldilməsi əsas prioritetlər kimi qeyd edilib. “Çempion ölkələr” təşəbbüsünün daha dinamik, əlaqələndirilmiş və nəticəyönümlü əməkdaşlıq platforması kimi inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentisin moderatorluğu ilə keçirilən görüş çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Strategiya və xarici əlaqələr üzrə Baş Direktorunun, eləcə də Kanadanın, Türkiyənin, El Salvador və Meksikanın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndələrinin panel məruzəçi qismində çıxışları dinlənilib, daha sonra üzv dövlətərin nümayəndələri tərəfindən mövzu ətrafında fikirlər səsləndirilib. İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda qəbul edilmiş Tərəqqi Bəyannaməsindən irəli gələn vəzifələr və onların həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, Qlobal Paktın icrası istiqamətində gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti