Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Dövlət Miqrasiya Xidmətinin regional baş idarə və idarələri tərəfindən Yevlax, Gəncə, Ordubad, Quba, həmçinin ali təhsil ocaqlarında - Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Naxçıvan Dövlət Universitetində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, hüquq-mühafizə orqanlarının əməkdaşları, işəgötürənlər, sahibkarlar, universitetlərdə təhsil alan əcnəbi və yerli tələbələr, regionlarda fəaliyyət göstərən mehmanxana və qonaq evlərinin nümayəndələri iştirak ediblər.
Tədbirlər miqrasiya qanunvericiliyi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərin qeydiyyatı, hüquq və vəzifələri, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya qaydalarının pozulmasına görə məsuliyyət, həmçinin əcnəbi tələbələr, əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquq və vəzifələri ilə bağlı mövzulara həsr olunub.
Tədbirlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma və yaşama qaydaları, elektron xidmətlərdən istifadə, müraciət prosedurlarının asanlaşdırılması, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası


