Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

BMT Baş Qərargahında “Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması – WUF13-ə hazırlıq” mövzusunda yüksək səviyyəli tədbir keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF13) diqqəti çəkmək məqsədilə “Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması – WUF13-ə hazırlıq” mövzusunda tədbir baş tutub.

Azərbaycan Respublikası, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramınının birgə təşkilatçılığı ilə reallaşan bu tədbir Forum çərçivəsində BMT Baş Qərargahında nəzərdə tutulan 18 yüksək səviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkəmizdə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də “Çempion ölkələr” təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan Xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırki tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.    

Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.

Ardınca Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.

Bundan əlavə, Forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda 1-ci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təqdim olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov həmçinin “Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə” mövzusunda yüksək səviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib. BMqT-nin baş direktoru, Niderland Krallığının baş nazirinin müavini – sığınacaq və miqrasiya nazirinin, Banqladeş Xalq Respublikasının mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveç Krallığının miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.   

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti