Dövlət Miqrasiya Xidməti tərəfindən "Həmrəylik Marafonu – IMRF 2026" adlı qaçış yarışı keçirilib
Dövlət Miqrasiya Xidmətinin və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə keçirilən, İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunmuş "Həmrəylik Marafonu – IMRF 2026" adlı qaçış yarışı təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib.
Yarışda miqrasiya orqanlarının əməkdaşları, ölkəmizdə yaşayan əcnəbilər, onları dəvət edən şəxslər, dövlət qurumlarının nümayəndələri, xarici ölkələrdə yaşayan həmvətənlərimiz, miqrasiya könüllüləri, eləcə də Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən məşvərət, miqrant və ictimai şuraların üzvləri iştirak edib.
Qaçışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təşviqi, əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və iştirakçıların asudə vaxtının səmərəli təşkili olub.
Marafon marşrutu “Dəniz Mall” ticarət mərkəzinin qarşısından başlayaraq Dövlət Bayrağı Meydanı istiqamətində 5 kilometrlik dairəvi məsafəni əhatə edib.
Yarışın nəticələrinə əsasən, kişilər arasında Bəxtiyar Əsgərov qalib gəlib. Elşad Nəsibov ikinci, Seymur Hüseynov isə üçüncü yeri tutublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Anna Yusupova, Yuliya Belkova, Marsel Sautos tutublar.
İlk üç yeri tutan iştirakçılar kubok, medal, diplomlarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin təşkilinə verdikləri dəstəyə görə tərəfdaş qurumlara minnətdarlıq ifadə olunub və onlara təşəkkürnamələr təqdim edilib.
Azərbaycan Respublikası