Dövlət Miqrasiya Xidmətində qeyri-dövlət tərəfdaşları ilə məsləhətləşmələr keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü ilə əlaqədar olaraq Xidmətin Aparatında “Miqrasiya sahəsində dövlət və qeyri-dövlət tərəfdaşlığı: əməkdaşlıq mexanizmləri və perspektivlər” mövzusunda görüş keçirilib.
Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai, Məşvərət və Miqrant Şuralarının üzvlərinin iştirak etdiyi tədbirin əsas məqsədi Xidmətin vətəndaş cəmiyyəti institutları, özəl sektor və miqrant icmaları ilə qarşılıqlı fəaliyyətinə əsaslanan inklüziv, dayanıqlı və insan mərkəzli miqrasiya idarəçiliyinə töhfə verilməsi olub.
Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizin mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində ötən dövr ərzində beynəlxalq və yerli tərəfdaşlarla birgə görülmüş işlər, nailiyyətlər və yeni çağırışlar barədə məlumat verib. O, müasir dövrdə miqrasiya idarəçiliyinin yalnız dövlət qurumlarının məsuliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda ictimai təşkilatlar, özəl sektor və miqrant icmalarının birgə fəaliyyətini tələb etdiyini qeyd edib.
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai Şura, Məşvərət Şurası və Miqrant Şurasının “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”da da təbliğ olunan miqrasiyanın idarə olunmasında “ümumcəmiyyət yanaşması”nın milli səviyyədə tətbiqi üçün mühüm platformalar olduğunu vurğulayıb.
Daha sonra tədbir çərçivəsində İctimai, Məşvərət və Miqrant Şuralarının üzvlərinin iştirakı ilə mövcud dialoq mexanizmlərinin təkmilləşdirilməsi, şuralararası əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin miqrasiya idarəçiliyində “ümumcəmiyyət yanaşması”nın daha səmərəli tətbiqi imkanları, eləcə də miqrasiya idarəçiliyində mövcud məsələlərin həlli istiqamətlərində müzakirələr keçirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası