newsPhoto

Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilib

Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında miqrasiya sahəsində çoxtərəfli əməkdaşlığın və iştirakçı ölkələr arasında dialoqun gücləndirilməsinə xidmət edən MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 29-cu iclası keçirilib.

İclasdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar. Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaqlar həmçinin Bakıda Zəfər Parkını ziyarət ediblər. Onlara xalqımızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığının və tarixi Zəfərimizin, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha sonra iclas öz işinə başlayıb. Tədbirdə Şuraya üzv dövlətlərin - Azərbaycan Respublikası, Belarus Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikasının miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının yüksək səviyyəli nümayəndə heyətləri, həmçinin MDB İcraiyyə Komitəsinin, MDB-nin müvafiq orqanlarının, Avrasiya İqtisadi Komissiyasının və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qonaqları salamlayaraq, MDB-nin sahəvi əməkdaşlıq orqanı olan MORŞ-un miqrasiya sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında rolu, ölkəmizin Şuraya üzv olan ölkələrlə qarşılıqlı faydalı əlaqələrindən bəhs edib. Azərbaycanın digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də beynəlxalq arenada aktiv iştirakını qeyd edən Vüsal Hüseynov, dövlət tərəfdaşları və beynəlxalq təşkilatlarla müzakirələrin qanuni miqrasiyanın təşviqinə, onun potensialından səmərəli istifadəyə və bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək etdiyini bildirib. Xidmət rəisi məhz bu tədbirlər sayəsində ölkəmizin Cənub-Şərqi, Şərqi Avropa və Mərkəzi Asiya regionunda miqrasiya üzrə Qlobal Paktın səmərəli həyata keçirilməsi ilə bağlı BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən Çempion ölkə kimi müəyyən edilən ilk ölkə olduğunu vurğulayıb.

Azərbaycanın miqrasiya idarəçiliyi modeli ilə bağlı məlumat verən Xidmət rəisi torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda və regionda miqrasiya sahəsində də yeni reallıqların yarandığını, bunun da öz növbəsində miqrasiya proseslərinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Vüsal Hüseynov əhalinin işğaldan azad olunmuş ərazilərimizə geri qaytarılması istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlərdən danışıb. Həmin ərazilərdə mina probleminin mövcudluğunu, Azərbaycanın rəsmi şəkildə humanitar minatəmizlənməni Dayanıqlı İnkişafın 18-ci milli məqsədi elan etdiyini bildirib. Çıxışının sonunda Xidmət rəisi tədbirin işinə uğurlar arzulayıb.

Tədbirdə həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndəsi çıxış edərək MORŞ iclaslarının miqrasiya sahəsində müzakirələrin aparılması üçün əhəmiyyətli platforma olduğunu bildirib. MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini Andrey Kikot MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib.

Daha sonra iclasın gündəliyinin bəndləri üzrə məruzələr dinlənilib. Belə ki, Şuraya üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və milli qanunvericiliklərə edilmiş dəyişikliklər, beynəlxalq təşkilatlarla üzv dövlətlər arasında mövcud əməkdaşlığın səviyyəsi, milli təcrübələrin bölüşülməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tədbir zamanı həmçinin xatirə şəkli çəkdirilib.

Bununla yanaşı tədbir çərçivəsində qonaqların “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib. Qonaqlar “ASAN xidmət” modeli və burada dövlət xidmətlərinin həyata keçirilməsi mexanizmi ilə ətraflı tanış olublar.

Tədbir iştirakçıları həmçinin Heydər Əliyev Mərkəzini də ziyarət ediblər.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur