Gender bərabərliyi və idarəçilikdə qadınların rolu mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi tərəfindən miqrasiya orqanları işçiləri üçün “Gender bərabərliyi və idarəçilikdə qadınların rolu” mövzusunda təlim keçirilib.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi tərəfindən təşkil edilən təlimdə gender bərabərliyi sahəsində yerli və beynəlxalq qanunvericilikdə gender məsələlərini əhatə edən müddəalar, institusional mexanizmlər, həmçinin BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinə (CEDAW) Azərbaycan höküməti tərəfindən təqdim edilmiş hesabat və Komitənin tövsiyələri barədə təlimçi tərəfindən iştirakçılara məlumat verilib.
Bundan əlavə, dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində gender bərabərliyinin qorunmasına dair statistik göstəricilər, gələcəyin ailə modelini simvollaşdıran əsas dəyərlər mövzusunda təhlilə dair araşdırmalar təlim iştirakçılarının diqqətinə çatdırılıb.
İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.