newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Dövlət Miqrasiya Xidmətində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib.

Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi və Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müasir dünya tarixində parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətlərindən, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edib. Millətinin sonsuz sevgi və məhəbbətini qazanmış Ümummilli Liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirdiyini bildirib, Azərbaycanın inkişafı naminə həyata keçirilən tədbirlər barədə danışıb.

Sonda Ümummilli Liderə həsr edilmiş sənədli film nümayiş olunub.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur