“Miqrasiya Məktəbi - 7” layihəsinin açılış tədbiri keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi - 7” layihəsinə start verilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Duli, Xidmət əməkdaşları və “Miqrasiya Məktəbi - 7” layihəsinə seçilmiş 30 namizəd iştirak edib.
Açılış mərasimində çıxış edən Xidmət rəisi Vüsal Hüseynov müsabiqədə uğur qazanmış iştirakçıları təbrik edib və layihənin əhəmiyyətindən danışıb, zəruri tövsiyələrini verib. Bildirib ki, 6 ay davam edəcək layihənin proqramı müasir tədris metodu əsasında hazırlanıb. Layihə çərçivəsində iştirakçılara Azərbaycan Respublikasındakı miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və tənzimlənməsinə, miqrasiyanın idarəolunma mexanizminə və hüquqi çərçivəyə, həmçinin ölkəmizin diaspor fəaliyyətinə, turizm və viza siyasətinə, insan alverinə qarşı mübarizəyə və digər aktual məsələlərə dair mövzular tədris olunacaq.
Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Duli çıxışında iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq imkanı yaradacaq bu layihədə uğurlar arzulayıb.
Qeyd edək ki, layihə iştirakçılarına Xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək üçün də şərait yaradılacaq. Bununla yanaşı, iştirakçıların fərdi bacarıqlarının inkişafına dair təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Təlimlər Dövlət Miqrasiya Xidmətinin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, təlimçilər və dövlət orqanlarının təcrübəli əməkdaşları tərəfindən tədris ediləcək.
Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq, dövlət idarəçiliyinə dair məlumatlandırmaq və fərdi inkişafa təkan verilməkdir.