Readmissiya sazişləri çərçivəsində ölkəmizə geri qəbul edilən şəxslərin reinteqrasiya məsələləri müzakirə olunub
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin rəhbərliyi ilə Reinteqrasiya üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib.
Onlayn formatda baş tutan iclasda Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Hava Yolları QSC, TƏBİB, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin üzvləri iştirak ediblər.
Görüşdə 2024-cü il ərzində ölkəyə readmissiya edilən şəxslərin müvafiq ehtiyaclarının öyrənilərək onlara sosial-iqtisadi dəstəyin verilməsi, vətəndaşlarımızın cəmiyyətə səmərəli və dayanıqlı reinteqrasiyasının həyata keçirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən yaradılan reinteqrasiya işçi qrupunun məqsədi imzalanmış readmissiya sazişləri çərçivəsində Azərbaycana geri qaytarılan şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına dəstək verməkdir.