Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Dulini qəbul edib.
Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə ölkəmizin miqrasiya idarəçiliyi sahəsində əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli və sıx əməkdaşlıqdan bəhs edib. Xüsusilə ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində insan mobilliyi və iqlim dəyişikliyi mövzusunda bir sıra tədbirlərin birgə təşkilindən məmnunluğunu ifadə edib. Xidmət rəisi COP29-da BMqT-nin “İqlim Dəyişikliyi və İnsan Mobilliyi Pavilyonu”nun iqlim dəyişikliyi və miqrasiyaya dair innovativ yanaşmaların təqdim edilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Vüsal Hüseynov ölkəmizdə miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslərdə BMqT-nin verdiyi dəstəyi, həmçinin bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin uğurla icra edildiyini, buna misal kimi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Troy Duli Dövlət Miqrasiya Xidmətinin BMqT-nin ölkəmizdə əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb, COP29 tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb. Mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.
Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə Çempion ölkə qismində, eləcə də Almatı Prosesinə Sədrliyimiz çərçivəsində birgə fəaliyyətlərin icrası və Prosesin növbəti ildə Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili, Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin ikinci fazasının həyata keçirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.