İşəgötürənin əcnəbini başqa işə keçirməsi proseduru necə həyata keçirilir?
Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Həmçinin hüquqi şəxsin yenidən təşkili (yəni birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır. Qeyd edilən hallar ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır. Həmçinin qeyd edilən hallar ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir. Qeyd edək ki, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və ya əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş icazəsi almaqla öz yanında işə dəvət edə bilər. Bununla belə, işəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qanunla qadağan edilir.