İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidmətində növbəti seminar keçirilib.
“İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər.
Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov iqlim dəyişikliyinin miqrasiya axınlarına təsiri və yaratdığı problemlər barədə məlumat verib. Bildirib ki, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiyanın miqyasının genişlənməsinə səbəb olur.
Həmçinin seminarda Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi, həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə fikirlərini bölüşüblər. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər.
Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb.