"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədbirləri çərçivəsində iqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib
"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədbirləri çərçivəsində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və miqrasiya: Dəlillər və miqrasiyanın uyğunlaşma yolu kimi qəbul edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanın 2024-cü ilin noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində iqlim dəyişikliyi və insanların yerdəyişməsi mövzusunda dialoqların genişləndirilməsinə töhfə vermək, miqrasiya, iqlim dəyişikliyi və ətraf mühit arasındakı əlaqələri araşdırmaqdır.
Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 29 İqlim Söhbəti seriyasının bir hissəsi olaraq iqlim dəyişikliyi və insanların yerdəyişməsi arasındakı mürəkkəb əlaqəyə həsr edilmiş tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, iqlim dəyişikliyi səbəbindən yaranan miqrasiya ilə bağlı problemlərin həlli hərtərəfli və inklüziv yanaşma tələb edir. Vüsal Hüseynov BMqT tərəfindən hazırlanmış 2024-cü il üzrə Dünya Miqrasiya Hesabatının iqlimlə əlaqəli miqrasiya məsələlərini də əhatə etməsinin əhəmiyyətini vurğulayıb.
Xidmət rəisi BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın COP29 sədrliyinin və BMqT-nin ev sahibliyi ilə təşkil olunmuş “İqlim, sülh və insanların yerdəyişməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masada verilmiş tövsiyələrin COP29-dan əvvəl bu məsələlər ətrafında müzakirələr üçün möhkəm zəmin hazırladığını bildirib. Eyni zamanda, miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasındakı əlaqənin COP29 zamanı Dövlət Miqrasiya Xidməti və BMqT tərəfindən birgə təşkil ediləcək yüksək səviyyəli dəyirmi masa müzakirələrinin əsas mövzusu olacağını, bugünkü tədbirin də bu müzakirələrə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tədbirin açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə, iqlim dəyişmələrinin miqrasiyaya artan təsirinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrin canlandırılmasında və iqlim dəyişikliyi kontekstində əhali yerdəyişmələri ilə bağlı məsələlərin həllindəki rolunu vurğulayıb.
Daha sonra 2024-cü il üzrə Dünya Miqrasiya Hesabatının və hesabatın miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasında əlaqəyə həsr olunmuş bölməsinin təqdimatı keçirilib.
Tədbirdə həmçinin, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Troy Dulinin moderatorluğu ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin rəhbəri Kanako Mabuçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyevin, BMqT-nin Dünya Miqrasiya Hesabatı üzrə tədqiqatçısı Adrian Kitimbonun və ətraf mühit və iqlim dəyişmələri üzrə regional mütəxəssisi Sumyadip Banerjinin, eləcə də Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyevin iştirakı ilə iqlim dəyişikliyi səbəbindən yaranan miqrasiyanın müxtəlif istiqamətlərinə həsr olunmuş panel müzakirələr aparılıb.