“Miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə korrupsiya ilə mübarizə” mövzusunda seminar keçirilib
Miqrasiya üzrə Regional Təlim Mərkəzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə korrupsiya ilə mübarizə” mövzusunda “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov tərəfindən seminar keçirilib.
Seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, etik davranış və korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə təşkil olunub.
A.Allahverənov korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə ətraflı məlumat verib, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması və s. kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb.
Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb.