Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Troy Dulini qəbul edib.
Vüsal Hüseynov təyinatı münasibətilə T. Dulini təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb, Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli və sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Xidmət rəisi ölkəmizin miqrasiya idarəçiliyi sahəsində əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT ilə əlaqələrin və tərəfdaşlığın inkişafında təşkilatın Azərbaycandakı Nümayəndəliyinin verdiyi töhfələri yüksək qiymətləndirib.
Vüsal Hüseynov BMqT-nin ölkəmizdə miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslər vasitəsilə miqrasiyanın səmərəli idarə olunmasına dəstək verdiyini qeyd edib. Xüsusilə miqrasiya sahəsində qanuni miqrasiyanın təşviq edilməsi, tənzimlənməyən miqrasiyanın qarşısının alınması, habelə bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin məmnuniyyətlə həyata keçirildiyini diqqətə çatdırıb, mövcud əməkdaşlığın gücləndirilə biləcəyi yeni istiqamətlər barədə fikirlərini bölüşüb.
Xidmət rəisi təşkilat ilə əməkdaşlıq çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstəyin göstərilməsi layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. Həmçinin hazırda Mərkəzin daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Troy Duli də öz növbəsində Dövlət Miqrasiya Xidmətinin BMqT-nin ölkəmizdə əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb, fəaliyyəti müddətində mövcud münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.
Görüşdə Almatı Prosesinin fəaliyyətdə olan sədri, eləcə də Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası üzrə Çempion ölkə qismində birgə fəaliyyətlərin icrası və eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Həmçinin görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin nümayəndəsi Amr Taha da iştirak edib.