Dövlət Miqrasiya Xidmətinin rəisi “Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumu” çərçivəsində çıxış edib
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində “Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumu” keçirilir.
100-dən çox qonağın iştirak etdiyi Forumun birinci günündə ardıcıl olaraq Azərbaycan və BƏƏ-nin dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin çıxışları dinlənilib, müvafiq istiqamətlər üzrə iki ölkənin əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.
Forumun açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbirin dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, bu sahədə hər iki ölkədə atılmış addımlar və təcrübə mübadiləsi, gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Azərbaycanda dövlət idarəçiliyində, dövlət xidmətlərinin göstərilməsində innovasiya və yeni texnologiyalardan istifadənin prioritet istiqamətlərdən biri olduğunu vurğulayan Vüsal Hüseynov bir pəncərə prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsinin təmin edilməsi, Elektron Hökumət Portalı və Elektron Hökumət İnformasiya Sisteminin yaradılması, dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası da daxil olmaqla bu istiqamətdə mühüm nailiyyətlər əldə edildiyini qeyd edib.
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və digər hədəf qruplarına göstərilən xidmətlərin elektronlaşdırılma səviyyəsinin artırılmasına, daxili idarəetmədə informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə işin təşkilinin optimallaşdırılmasına, sıfır kağız prinsipinin tətbiqinə önəm verildiyini, Xidmət tərəfindən elektron formada təqdim edilən xidmət sayının 27-ə çatdığını bildirib.
Eyni zamanda Vüsal Hüseynov cari ildə ölkəmizdə keçiriləcək və on minlərlə xarici qonağın iştirakının nəzərdə tutulduğu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin təşkilinin də xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Qeyd edək ki, tədbirin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, qlobal cəmiyyət üçün sağlamlıq sistemlərinin inkişafı, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətlərin müəyyən edilməsi, təhsil sahəsində əldə olunmuş yeni naliyyətlər, sosial rifah sahəsində baş vermiş dəyişikliklər, habelə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzular ilə bağlı ən son tendensiyaların müzakirə edilməsidir.