Regionlarda səyyar xidmətlər keçirilib
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Xaçmaz, Ağsu, Gəncə, Lənkəran, Yevlax və Şəki regional miqrasiya idarələri tərəfindən Xaçmaz, Göyçay, Gəncə, Lənkəran, Masallı, Astara, Ağcabədi və Şəkidə yaşayan sağlamlıq imkanları məhdud 22 şəxsə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış və digər sənədlər təqdim edilib.
Eyni zamanda şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib və müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.