newsPhoto

“Miqrantların maliyyə ehtiyacları üzrə bacarıqların gücləndirilməsi” mövzusunda təlimlər keçirilib

Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə "Miqrantların maliyyə ehtiyacları üzrə bacarıqların gücləndirilməsi" mövzusunda üç günlük təlim keçirilib.

Təlimlərin məqsədi Azərbaycanın aparıcı banklarının və poçt şöbələrinin müştəri xidməti əməliyyatçılarının miqrantlar və həssas qrupların spesifik ehtiyacları barədə məlumatlılığının artırılması və bu ehtiyacların daha yaxşı qarşılanması üçün onların bacarıqlarının gücləndirilməsi vasitəsilə miqrantların maliyyə inklüzivliyinə töhfə vermək olub.

Tədbir zamanı iştirakçılar miqrantlar, qaçqınlar və sığınacaq axtaranların maliyyə xidmətlərindən istifadə hüquqları, onlara verilən sənədlər barədə məlumatlandırılıb. Təlimdə pul köçürmələri də daxil olmaqla miqrantların maliyyə ehtiyaclarının qarşılanması üzrə innovativ həllər ilə bağlı təkliflərin hazırlanması məqsədilə iştirakçılar arasında müsabiqə keçirilib.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlər Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı ilə icra edilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində keçirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur