newsPhoto

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 10 may tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xidmətin rəhbərliyi və şəxsi heyətin bir qrupu Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Sonra Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi və Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”  ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə Dövlət Miqrasiya Xidmətində davam etdirilən tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınmasında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi və qüdrətli dövlətə çevrilməsi naminə misilsiz xidmətlər göstərib. 

Xidmət rəisi Azərbaycanın bugünkü dinamik inkişafından, siyasi uğurlarından bəhs edərək məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasını Azərbaycanın hazırda dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməsinə şərait yaratdığını qeyd edib. Bildirib ki, Ulu Öndərin miras qoyduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə sürətlə inkişaf edir. Xidmət rəisi Ümumilli Liderin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi olaraq Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilərək ərazi bütövlüyü və dövlət suverenliyimizin tam bərpa edildiyini vurğulayıb.

Xidmət rəisi dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqının, bütövlükdə türk dünyasının dahi şəxsiyyəti olduğunu fəxrlə vurğulayaraq onun zəngin irsinin gələcək nəsillərə dərindən və hərtərəfli öyrədilməsinin müstəsna əhəmiyyətindən bəhs edib.

Sonra görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən “Azərbaycanın memarı” filmi nümayiş olunub.

           


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur