newsPhoto

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tənzimlənməyən miqrasiya məsələsi müzakirə olunub

Bakı Konqres Mərkəzində mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” şüarı altında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700-dən çox mötəbər qonaq iştirak edir.

Sözügedən Forumun əhatə etdiyi əsas mövzulardan biri də miqrasiya olmuşdur. Belə ki, Forum çərçivəsində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə dəstəyi ilə təşkil edilən “Tənzimlənməyən miqrasiyanı həll etmək üçün mövcud və çevik müntəzəm miqrasiya marşrutlarının təkmilləşdirilməsi: davamlı inkişaf üçün şəraitin yaradılması” mövzusunda panel sessiya keçirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkiyənin Ombudsmanı Şeref Malkoçun əsas məruzəçi qismində iştirak etdiyi sessiyada BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin rəhbəri Kanako Mabuçi, Beynəlxalq Miqrasiya Təşkilatının Regional İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə baş mütəxəssisi Pier M.Rossi-Longhi, Agora Diplomaticanın rəhbəri Pablo Herrera Fontanals, Qlobal Dialoq Fondunun sədri və baş icraçı direktoru Peter Qorqiyevski, Mədəni Birlik və Müxtəliflik Atlasının baş icraçı direktoru və təsisçisi Peter Mousaferiadis, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Ramil İsgəndərli panel müzakirəçi qismində çıxış ediblər.

Panel sessiyada açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Formun əhəmiyyətini diqqətə çatdırıb, miqrasiya məsələsinin mədəniyyətlərarası dialoqun təşviqi, eləcə də sülh və rifahın müdafiəsi üçün mühüm qlobal platformun əsas panellərindən birində yer almasından məmnunluğunu ifadə edib.

Vüsal Hüseynov dünyada tənzimlənməyən miqrasiyanın sülhə, iqtisadiyyata, sosial ahəngdarlığa mənfi təsirləri, bu problemin aradan qaldırılması üçün strategiyanın  formalaşdırılması, miqrantların hüquqları, onların sosial təminatı və səmərəli inteqrasiyasının təmin olunmasının əhəmiyyəti barədə danışıb.

Qanuni miqrasiyanın formalaşdırılması üçün hökumətlərarası və mədəniyyətlərarası dialoqların vacibliyini vurğulayan Xidmət rəisi Azərbaycanın bu məsələdə təcrübəsi və əldə etdiyi nailiyyətləri  diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan tənzimlənməyən miqrasiyanın qarşısının alınması istiqamətində çoxşaxəli fəaliyyət göstərir, ölkəmizə gələn miqrantların qanuni miqrasiyası üçün bütün mühüm addımlar atılır,  mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinin rəisi həmçinin çıxışında ölkənin inkişaf prioritetlərinə uyğun olaraq tənzimlənən proaktiv miqrasiya siyasətinin reallaşdırıldığını,  miqrasiyanın inkişaf potensialının maksimum dərəcədə artırıldığını, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlverişli biznes və investisiya mühitinə  töhfə vermək məqsədilə güzəştlərin tətbiq edildiyini diqqətə çatdırıb.

Sessiya çərçivəsində tənzimlənməyən miqrasiyanın azaldılması üçün həll yolları, məcburi köçürülmə problemi, müharibə və qarşıdurmalardan zərər çəkən insanlara yardım göstərilməsi, miqrantların sosial təminatı və inteqrasiyası ilə bağlı atıla biləcək addımlar haqqında çıxışlar edilib, müzakirələr aparılıb.

Qeyd edək ki, üç gün davam edəcək Forum çərçivəsində müxtəlif panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur