Əcnəbi tələbələr üçün seminar keçirilib
Dövlət Miqrasiya Xidməti və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetində seminar təşkil olunub. Tədbir 19 mart – Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri çərçivəsində keçirilib.
“Dövlət Miqrasiya Xidmətinin 17 illik fəaliyyəti”, “Miqrasiya sahəsində elektron resurslardan istifadə”, “Bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzularında keçirilən seminarın məqsədi Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələrin və müəssisənin aidiyyəti məsələlərə məsul şəxslərinin Xidmətin fəaliyyəti ilə bağlı məlumatlandırılması, miqrasiya qaydaları sahəsində biliklərinin artırılması və bu istiqamətdə əcnəbi tələbələrlə əlaqədar sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsi olub.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və bu sahəyə məsul şəxslər iştirak ediblər.
Seminarda Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları, miqrasiya qanunvericiliyinin müxtəlif aspektləri, elektron resurslardan istifadə proseduru barədə məlumat verilib. Həmçinin əcnəbi tələbələrin təhsilalma məqsədlərindən irəli gələn qeydiyyatı və miqrasiya qaydalarına uyğun davranışı, bu müstəvidə daha çox rast gəlinən aktual məsələlər diqqətə çatdırılıb.
Sonda miqrasiya sahəsində tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.