newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Əməkdaşlıq Platformasının təsisçiləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi məqsədilə təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının üzvləri ilə görüşüb. 

Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə dialoqun inkişafına xüsusi önəm verildiyini, miqrasiya sahəsində innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Xidmət rəisi Miqrasiya Əməkdaşlıq Platformasının ölkəmizdə yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasına və maariflənməsinə, cəmiyyətə inteqrasiyasına, eyni zamanda miqrasiya ilə bağlı məsələlərin həllində ümumcəmiyyət yanaşmasının tətbiqinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürlərini bildirən Miqrasiya Əməkdaşlıq Platformasının təsisçiləri Platformanın fəaliyyət istiqamətləri barədə məlumat verərək mövcud əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını diqqətə çatdırıblar.

Görüşdə eyni zamanda, əməkdaşlıq çərçivəsində gələcək perspektivlər də müzakirə olunub.

Qeyd edək ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur