newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi ilə Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini arasında görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini xanım Uqoçi Danielsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xidmət rəisi Vüsal Hüseynov miqrasiya sahəsində əsas tərəfdaşlardan olan BMqT ilə qurulan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, qurumla əlaqələrin daha da inkişafına mühüm töhfə verən bir sıra layihə və təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Xüsusilə ölkəmizdə miqrasiyanın nizamlı və qanuni idarə olunmasının təmin edilməsi, həssas miqrantlara humanitar yardımın göstərilməsi və bu sahədə potensialın gücləndirilməsi istiqamətində birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Xidmət rəisi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının dəstəklənməsi” layihəsi çərçivəsində bugünə kimi görülən işlərin Dövlət Miqrasiya Xidməti ilə beynəlxalq qurum arasında səmərəli əməkdaşlığın əyani nümunəsi olduğunu qeyd edib.

Bu il ilk dəfə olaraq Azərbaycanın regionda BMT-nin İqlim Dəyişikliyi Konfransına (UNFCCC COP 29) ev sahibliyi edəcəyini bildirən Vüsal Hüseynov iqlim dəyişikliyi və miqrasiya sahəsində davamlı inkişafın təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbuldan məmnunluğunu ifadə edən xanım Uqoçi Daniels birgə əməkdaşlığı yüksək qiymətləndirib, miqrasiya sahəsində əlaqələrin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur