newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin xarici işlər nazirinin müavini ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin rəhbərlik etdiyi və tərkibinə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığının bütün istiqamətlərdə, həmçinin miqrasiya sahəsində yüksələn xətlə inkişaf etdiyini, bunun da öz növbəsində iki ölkə arasında miqrasiya proseslərinin dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib. Vüsal Hüseynov görüşün iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinin nəzərdən keçirilməsi, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikası vətəndaşlarının ölkəmizdə baş verən miqrasiya proseslərində xüsusi çəkiyə malik olduğunu bildirən Vüsal Hüseynov müxtəlif məqsədlərlə ölkəmizə gələn şəxslərin olma və yaşama səbəblərindən asılı olmayaraq Azərbaycanda rahat şəkildə yaşamaları ilə bağlı yaradılan imkanlar, eləcə də bununla bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Səmimi qəbuldan məmnunluğunu ifadə edən Yasin Ekrem Serim iki ölkə arasında o cümlədən miqrasiya sahəsində əlaqələrin vacibliyini vurğulayıb, bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərindən söhbət açıb.

Görüşdə tərəflər arasında hər iki ölkə vətəndaşlarının olma və yaşama məsələləri ilə bağlı aktual olan mövzular, eləcə də bu istiqamətdə atıla biləcək addımlar müzakirə olunub, qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur