Dövlət Miqrasiya Xidmətinin rəisi Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hişam Mohamed Nagı ilə görüşüb.
Qonaqları səmimi salamlayan Xidmət rəisi iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib, qanunvericiliyin sadələşdirilməsi və Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Bir sıra ölkələrlə miqrasiya sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirildiyini qeyd edən Vüsal Hüseynov qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın önəmini vurğulayıb.
Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və mövcud əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüş zamanı miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri və Misir vətəndaşlarının ölkəmizdə müvəqqəti olma və yaşama məsələləri də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.