newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İraq Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İraq Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Maki Ressan Abdulla Al-Mamori ilə görüşüb.

Qonağı səmimi salamlayan Xidmət rəisi qurumun fəaliyyət istiqamətləri, qanunvericiliyin sadələşdirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Miqrasiya sahəsində qarşıya çıxan məsələlərin həllində ölkəmizdə yerləşən diplomatik nümayəndəliklərlə səmərəli əlaqələrin önəminə toxunan Vüsal Hüseynov qanuni miqrasiyanın təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən müvəqqəti işlər vəkili öncə tarixi torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırıb. İraqın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkəmizlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.  

Görüş zamanı miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub və İraq vətəndaşlarının ölkəmizdə müvəqqəti olma və yaşama məsələləri daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur