newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirovla görüşüb.

 Xidmət rəisi Emil Bəşirovu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində DMX-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. Vüsal Hüseynov, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirov isə öz növbəsində Mentorluq proqramı çərçivəsində Vüsal Hüseynova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur