newsPhoto

Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş Qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllənin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilmişdir.

Qərara əsasən xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilmişdir. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı  100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilmişdir.

Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir (cədvəl əlavə edilir).

Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaqdır.

Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır.

Sözügedən Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.                  

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur