Dövlət Miqrasiya Xidməti tərəfindən Beynəlxalq Miqrant Günü ilə bağlı regionlarda silsilə tədbirlər təşkil olunub
Dövlət Miqrasiya Xidmətinin Gəncə, Şəki, Yevlax, Lənkəran regional miqrasiya idarələri tərəfindən Beynəlxalq Miqrant Günü münasibətilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində məlumatlandırılması məqsədilə tədbirlər keçirilib.
Tədbirlər “Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri”, “Əməkçi miqrantların hüquqları” mövzularına həsr olunub.
Tədbirlərdə regional miqrasiya idarələrinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər, onların hüquq və vəzifələri, miqrasiya qanunvericiliyindəki dəyişikliklər barədə ətraflı məlumat veriblər. Həmçinin ölkəmizdə əcnəbilərin hüquqlarının müdafiəsinin, yerli cəmiyyətə inteqrasiyasının daim diqqət mərkəzində olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.