Dövlət Miqrasiya Xidmətində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Sonra Dövlət Miqrasiya Xidmətində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi ziyarət edilib. Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib və görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib.
Tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, millətinin sonsuz sevgi və məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyasının istehsalı olan Ümummilli Liderə həsr edilmiş “Sonsuz sevgi və ehtiramla...” sənədli filmi nümayiş olunub.
Həmçinin Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Ulu Öndərin regionlarda ucaldılan abidələri ziyarət olunub, Ümummilli Liderə hörmət və ehtiram ifadə olunub.