Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmətlər davam etdirilir
Respublikanın müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Bu istiqamətdə növbəti səyyar xidmətlər Şirvan, Lənkəran, Masallı və Qobustan rayonunun ərazilərində təşkil olunub.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, həmçinin müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması üçün tələb olunan sənədlər və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət qəbul edilib.
Eyni zamanda şəxslərə miqrasiya qanunvericiliyində onları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib.