newsPhoto

Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti və Sosial Tədqiqatlar Mərkəzi “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər, elektron sənəd dövriyyəsi və bu sahədə nəzərdə tutulan fəaliyyətlər” mövzusunda birgə tədbir keçirib.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən icrası ilə bağlı həyata keçirilən işlər çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan STM icraçı direktoru, Milli Fəaliyyət Planının icrası üzrə işçi qrupun rəhbəri Sahib Məmmədov Milli Fəaliyyət Planının əhəmiyyətini, korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsində önəmini diqqətə çatdırıb. S. Məmmədov Milli Fəaliyyət Planının 4.9-cu bəndinin icrası istiqamətində STM tərəfindən görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib.

Xidmətin Miqrasiya siaysəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov çıxışında korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılmanın prioritet olduğunu bildirib. Bununla bağlı olaraq Dövlət Miqrasiya Xidmətində elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsinin daim nəzarətdə saxlanıldığını vurğulayıb. Hazırda Xidmət tərəfindən göstərilən elektron xidmətlərin sayının 21-ə çatdırıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir. 

Tədbir çərçivəsində “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər, elektron sənəd dövriyyəsi və bu sahədə nəzərdə tutulan fəaliyyətlər” mövzusunda Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev təqdimatla çıxış edib.

Sonda iştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur