newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Caspian Energy Club-un təşkil etdiyi B2G Forumunda iştirak edib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Caspian Energy    Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. B2G forum Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin nümayəndələrinin qatıldığı forumda Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov fəxri qonaq  qismində  iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçılara qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Xidmət rəisi miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, miqrasiya qanunvericiliyinə edilən son dəyişikliklər, ölkədə baş verən miqrasiya prosesləri ilə bağlı ümumi mənzərə, habelə miqrasiya xidmətləri və miqrasiya proseslərinin idarə olunması sahəsində görülən işlər haqqında danışıb.

Sonra Vüsal Hüseynov iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Vüsal Hüseynova klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə ona təşəkkürünü bildirib.

Sonda Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur