Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
Bakı regional miqrasiya baş idarəsində sentyabrın 14-də İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın reqlamenti, müraciətlərlə bağlı qeydiyyat forması, işçi qrupların yaradılması, Şuranın etik davranış kodeksi, loqosu və digər məsələlər müzakirə edilib və cari ilin sonunadək icrası tələb olunan fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən İctimai Şuranın sədri Ramil İskəndərli Şura üzvlərinə müraciət edən miqrantlara zəruri hüquqi məsləhətlərin verilməsi və ehtiyacı olan şəxslərə məlumat dəstəyi göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qrupların üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə ümid etdiyini bildirib.
İclasda Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev icrası nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində təmsil etdiyi qurum tərəfindən zəruri təşkilati və texniki dəstəyin göstəriləcəyini bildirib.
Sonda 2023-cü ilin sonuncu rübündə icrası planlaşdırılan məsələlər ətrafında müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələrə münasibət bildirilib.