Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev ilə görüşüb.
Xidmət rəisi C. Nağıyevin xüsusi hazırlanmış mentorluq proqramı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olduğunu, ötən müddət ərzində ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradıldığını diqqətə çatdırıb.
Camal Nağıyev mentorluq proqramı çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin faydalı olmasından məmnunluğunu ifadə edib, qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə etdiyini, bir sıra tədbirlərdə yaxından iştirak etdiyini vurğulayıb.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edib. Qəbul prosesində Camal Nağıyevin iştirakı da təmin edilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsi məqsədilə təsis olunub. Şərtlərə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.