Dövlət Miqrasiya Xidməti tərəfindən “Heydər Əliyev İli” çərçivəsində qaçış yarışı keçirilib
Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib.
Dənizkənarı Milli Parkda oktyabrın 1-də “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” və Azərbaycan Atletika Federasiyasının yaxından dəstəyi ilə keçirilən “Heydər Əliyev – 100 il” adlı yarışa miqrasiya orqanları işçiləri, ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, miqrasiya idarəetməsində iştirak edən vətəndaş cəmiyyətinin üzvləri və könüllülər qoşulub.
Əsas məqsədi sağlam həyat tərzinin, eyni zamanda ölkəmizdə yaşayan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının təşviqi olan yarışda 245 nəfərin iştirakı qeydə alınıb. İştirakçılar “Dəniz Mall” ticarət mərkəzindən başlayan 5 kilometrlik dairəvi məsafəni qısa zamanda qət etməyə çalışıblar.
Qaçışı ilk olaraq Toğrul Məmmədli, 2-ci Elman Abışov, 3-cü Ceynur Əhmədov başa vurub. İlk üç yeri tutan iştirakçılar kubok, medal, diplomlarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda finiş xəttinə ilk çatan xanım iştirakçı Yuliya Belkovaya və yarışın ən yaşlı iştirakçısı 85 yaşlı Tarverdi Əliyevə həvəsləndirici mükafatlar təqdim edilib.
Qaçış yarışının təşkilində göstərdikləri dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nə və Azərbaycan Atletika Federasiyasına minnətdarlıq ifadə olunub, təşəkkürnamələr təqdim olunub.