newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndələri arasında görüş keçirilib

Cari ilin 26 sentyabr tarixində Xidmətin əsas beynəlxalq tərəfdaşlarından biri olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Bakı şəhərində yerləşən ofisində təşkil olunmuş tədbirdə İctimai Şura ilə MSİBM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan MSİBM-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Səltənət Məmmədova İctimai Şuranın yeni seçilmiş üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, MSİBM-nin əsas fəaliyyət istiqamətləri, Dövlət Miqrasiya Xidməti ilə mövcud əməkdaşlıq əlaqələri, eyni zamanda “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE 2)” layihəsi və digər layihələr çərçivəsində əldə edilən nəticələr və reallaşdırılan səmərəli tədbirlər barədə  İctimai Şura üzvlərini məlumatlandırıb. Xanım Səltənət Məmmədova MSİBM tərəfindən icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrə, o cümlədən tədbirlərə İctimai Şura üzvlərinin də cəlb olunmasının vacib olduğunu, müxtəlif miqrant qruplarına sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər üzrə İctimai Şura ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.  

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Ramil İskəndərli səmimi qəbula və əməkdaşlığa görə təşəkkürünü ifadə edərək, İctimai Şuranın gələcək fəaliyyət planı, gündəlik işləri və perspektivləri barədə məlumatı diqqətə çatdırıb. Daha sonra, İctimai Şuranın digər üzvləri fəaliyyət göstərdikləri sahələr üzrə öz təcrübələrini və hazırkı fəaliyyət istiqamətləri barədə məlumatı bölüşüblər.

İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Adəm Salahov İctimai Şuranın fəaliyyətinə dəstək verilməsinin Xidmətin vacib fəaliyyət sahələrindən biri olduğunu diqqətə çatdıraraq, miqrasiya idarəçiliyində ümumcəmiyyət yanaşmasının tətbiqi baxımından təşkil olunan tədbirin olduqca faydalı olduğunu qeyd edib.  

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur