newsPhoto

Naxçıvanda miqrantların hüquqlarının müdafiəsi mövzusunda təlimlərə başlanılıb

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən ölkəmizdə “Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE -2)” layihəsi həyata keçirilir. Layihə çərçivəsində miqrasiya sahəsində çalışan dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər təşkil edilir.

Növbəti təlim Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi” “mövzusunda Naxçıvanda keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları və beynəlxalq ekspertlər də iştirak edib. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının təmini məsələsinə xüsusilə diqqət yetirildiyini xüsusi vurğulayıblar.

Naxçıvan regional miqrasiya baş idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyev çıxışında Azərbaycan Respublikası Hökuməti ilə MSİBM arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub. Sözügedən layihə çərçivəsində həyata keçirilən tədbirlərdə mütəmadi olaraq Ombudsman Aparatının nümayəndələrinin yaxından iştirakını diqqətə çatdırıb. Ölkəmizdə miqrasiya idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində davamlı əməkdaşlığın bundan sonra da vacibliyini qeyd edib. 

Sonra mövzu üzrə mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Təlimdə yerli və beynəlxalq təlimçilərin həssas miqrantların hüquqlarının qorunmasında Azərbaycan Ombudsmanının rolu, miqrantların və sığınacaq axtaran şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və digər mövzular üzrə təqdimatları dinlənilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Naxçıvan şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə səfəri və orada yaradılan şəraitlə tanışlığı da nəzərdə tutulub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur