newsPhoto

Dövlət Miqrasiya Xidmətində özəl sektorun nümayəndələrindən ibarət Məşvərət Şurasının üzvləri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Vüsal Hüseynovun iştirakı ilə aprelin 14-də DMX yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.

Xidmət rəisi özəl sektorun miqrasiya idarəçiliyində iştirakını bu sahədə dayanıqlı inkişafın və əlaqələrin gücləndirilməsi, eləcə də DMX-nin fəaliyyətinin daim təkmilləşdirilməsi işinə mühüm töhfə verdiyini bildirib. Eyni zamanda Məşvərət Şurasının üzvləri ilə ötən müddət ərzində reallaşdırılan tədbirlərin və birgə əməkdaşlığın bütün tərəflər üçün faydalı olduğunu diqqətə çatdırıb.

Vüsal Hüseynov biznes mühitinin daha da yaxşılaşdırılması, bu istiqamətdə  miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, sahibkarlarla dialoqun inkişaf etdirilməsi, innovativ metodların və rəqəmsallaşmanın tətbiqi, elektron xidmətlərin şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əcnəbilərin Azərbaycanda qanuni əsaslarla olması, yaşaması, işləməsi üçün şəffaf, operativ və rahat sənədləşmə proseslərini həyata keçirmələrinə şərait yaradılıb. Xidmət rəisi bundan sonra da sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin daha da artırılması ilə bağlı işlərin davam etdiriləcəyini söyləyib.

Görüş çərçivəsində Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklər, həmçinin Miqrasiya üzrə Regional Təlim Mərkəzi və bu mərkəzlə əməkdaşlıq çərçivəsində özəl sektorun fayda verə biləcəyi sahələrdə müxtəlif formatlı tədbirlərin təşkili ilə bağlı müzakirələr aparılıb.  

Sonra Dövlət Miqrasiya Xidmət yanında Məşvərət Şurasının nümayəndələri qarşılaşdıqları bir sıra məsələlərə dair öz fikirlərini bölüşüblər.

Xatırladaq ki, DMX yanında Məşvərət Şurası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə 2018-ci ildə yaradılıb. Şuranın yaradılmasında məqsəd miqrasiya idarəçiliyinin sahibkarlığa təsirini qiymətləndirmək, daxili əmək bazarının təhlükəsizliyini və işəgötürənlərin biznes maraqlarının qorunmasını, eyni zamanda iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsini, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlilini təmin etməkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur