newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov aprelin 12-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri cənab Nenad Neşiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Xidmət rəisi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına verdiyi dəstəyi, eləcə də ölkə Parlamentinin Ermənistanın Azərbaycana təcavüzü və 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı qətliamına dair qətnamə qəbul etməsini yüksək qiymətləndirib.

Vüsal Hüseynov sıx əməkdaşlıq çərçivəsində ölkələrimizin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin və müqavilə-hüquq bazasının genişləndirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib. Xidmət rəisi Azərbaycanın miqrasiya siyasəti, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, o cümlədən beynəlxalq əlaqələrin inkişafı və regional səviyyədə miqrasiyanın idarə edilməsi sahəsində potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Nenad Neşiç iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdiyini, miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur