newsPhoto

“Miqrasiya məktəbi - 5” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 5” layihəsi üzrə təlimlər davam etdirilir.

Bu istiqamətdə növbəti təlimlər Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli, “Miqrasiya könüllüsü” İctimai Birliyinin sədri Arzu Məmmədova, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Rüfət Əliyev, Sahib İsmayılov, Yenilə Əzimli, İslam Hidayətov tərəfindən keçirilib.

Təlimlər “Miqrasiyanın idarə edilməsində qeyri-hökümət təşkilatlarının rolu”, “Liderliyin sirləri”, “Könüllülük hərəkatı – “Miqrasiya könüllüsü” İctimai Birliyinin nümunəsində”, “Qaçqın və sığınacaq məsələləri”, “Vətəndaşlıq məsələləri”, “Readmissiya və reinteqrasiya” və “İnzibati Xətalar Məcəlləsi - (miqrasiya sahəsində hüquqpozmalar)” mövzularına həsr olunub.

Təlim iştirakçılarına dövlət və cəmiyyət arasındakı əlaqələrdə qeyri-hökümət təşkilatların rolu, liderlik bacarıqları, xüsusiyyətləri və üslubları, “Miqrasiya könüllüsü” İctimai Birliyinin prioritet istiqamətləri, həyata keçirilən layihələr, qaçqın və sığınacaq axtaran şəxlərin təhsil, məşğulluq, sosial hüquqları, vətəndaşlığa qəbul, bərpa, xitam, ölkəyə readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı görülən işlər və miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət barədə məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, 6 ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur