Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş olub
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 2015-ci ilin mayında seçilmiş və üzvlük müddətləri başa çatmaq üzrə olan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri iləXidmət rəhbərliyinin görüşü keçirilib.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən iki ildə DMX yanında İctimai Şuranın fəaliyyətinə verilən önəmə diqqət çəkib. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi ictimai nəzarətin xidmətin keyfiyyətinin artırılmasında mühüm rolunun olduğunu xüsusi vurğulayıb.
Xidmət rəisi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə miqrasiya siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsinin təmin edilməsi məqsədilə miqrasiya sahəsində təkmil qanunvericiliyin formalaşdırıldığını deyib. Cəmiyyətin inkişafına uyğun olaraq normativ hüquqi aktların hər zaman təkmilləşdirilməsi zərurətinin olduğunu və bu baxımdan vətəndaş cəmiyyəti institutlarından təşkil olunmuş İctimai Şuranın respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə fəaliyyət müddətində təqdim etdikləri bir sıra innovativ təkliflərin istər praktikada, istərsə də qanun yaradıcılığında istifadə edildiyini söyləyib. Qeyd edib ki, Şura fəaliyyət müddətində miqrasiya sahəsində həyata keçirilən strategiyaya, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, miqrasiya sahəsində əməkdaşlıq imkanlarının artırılmasına müəyyən töhfələr verib.
Görüşdə insan hüquqlarından gen-bol dəm vuran Avropanın miqrantlara qarşı qeyri-insani rəftarı və miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modelindən bəhs olunub. Ölkəmizdə isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirmələri üçün yaradılmış şəraitin təkcə respublikada yox, həm də xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də təqdir olunduğu qeyd edilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və Şura üzvləri onların fəaliyyəti üçün yaradılmış şəraiti qeyd edib, Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizənin, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülmüş işlərin, aparılan maarifləndirmə tədbirlərinin, xüsusən regionlarda keçirilmiş “Açıq qapı günü” - vətəndaş forumlarının cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.
Xidmət rəisi İctimai Şura ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirib və Şura üzvlərini “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyini açıqlayıb.
Sonda Şura üzvlərinə xatirə hədiyyələri təqdim olunub.