newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

Noyabın 17-də  Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasında DMX yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Açıq müzakirə formatında keçirilən iclasda İctimai Şuranın üzvləri ilə yanaşı müşahidəçi qismində DMX-nin və miqrasiya sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Mövcud reqlamentə uyğun təsdiq olunmuş gündəliyə İctimai Şuranın hazırkı fəaliyyəti, o cümlədən iclas dövrünə qədər görülmüş işlər, qarşıdan gələn növbəti aylar üçün fəaliyyət planı, miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq icra qurumları ilə əməkdaşlıq əlaqələrinin perspektivləri və digər məsələlər daxil edilib.

İctimai Şuranın sədri Azər Allahverənov sonuncu iclasdan ötən müddət ərzində həyata keçirilmiş fəaliyyət barədə məlumat verib. Qeyd edib ki, Şuraya daxil olan hər bir ictimai birlik özünün fəaliyyət sektorunda fəal surətdə miqrasiya məsələləri ilə məşğul olur və zaman-zaman müzakirəyə ehtiyacı olan sualları Şura müstəvisinə çıxarır və zərurət yarandıqda Şura DMX qarşısında vəsatətlə çıxış edir. İctimai Şuranın bu müstəvidə əlaqələndirici qurum formatında iş qurması zəruri məlumatın vaxtında DMX-nə təqdim edilməsunə imkan verir. Beləliklə İctimai Şura DMX ilə ictimaiyyət arasında effektiv körpü yaratmağa müvəffəq olur. Bildirilib ki, bununla yanaşı ötən dövrdə İctimai Şura miqrantların, xüsusilə də qaçqın və sığınacaq axtaran şəxslərin maraqlarına cavab verən sosial və humanitar dəstək xarakterli fəaliyyət həyata keçirib.

DMX yanında İctimai Şuranın bir çox istiqamətlər üzrə, xüsusilə də əmək miqrasiyasına, vətəndaşsızlıq hallarının aradan qaldırılmasına, turizmin miqrasiya ilə kəsişən spektrinə aid edilən aktual məsələlərin həllində daha fəal olması zərurətini vurğulayan İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova çıxış edərkən bildirib ki, həmin mövzular üzrə dəyirmi masaların keçirilməsi, işçi qruplarının yaradılması, maraqlı tərəflər arasında effektiv məlumat mübadiləsinin təşkil edilməsi günün tələbidir.   

İctimai Şuranın üzvü Sahib Məmmədov iştirak etdiyi beynəlxalq tədbirlərdə miqrasiya sahəsi ilə əlaqədar müzakirə olunan məsələlər barədə məlumat verib.

Fərdi şəkildə müraciət edən miqrantlara göstərdikləri yardımlar barədə məlumat verən İctimai Şuranın katibi Məmməd Kətanov bildirib ki, son aylar ərzində bir neçə belə müraciətlər edilib. İctimai Şuranın rəhbərliyi ilə əlaqələndirilmiş şəkildə icra olunmuş işlər əsasən ehtiyacı olan miqrantlara müvafiq humanitar dəstəyin göstərilməsi, həmçinin onlar üçün Azərbaycan dili kurslarının təşkil edilməsi ilə əlaqədar olub.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov və DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Nadir İsmayılov ünvanlanan sualları ətraflı cavablandırıblar. Məlumat verilib ki, bir çox məsələlərlə yanaşı DMX həm də ictimaiyyətin geniş təbəqələrinin məlumatlandırılmasına diqqət yetirir və bu məqsədlə bölgələrdə çox saylı maarifləndirmə tədbirləri, “Açıq qapı günü” keçirilir. İctimai Şuranın daha fəal olmasında DMX-nin maraqlı olduğunu bildiriblər.

Tədbirdə müşahidəçi qismində iştirak edən Mahirə Əmirhüseynova, Sevda Məmmədova və digər iştirakçıların verdikləri suallar cavablandırılıb.

İclasın sonunda DMX yanında İctimai Şuranın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi ilə əlaqədar bir sıra vacib qərarlar qəbul edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur