Özbəkistan nümayəndə heyəti ölkəmizə səfər edib
Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya və vətəndaşlığın rəsmiləşdirilməsi baş idarəsinin rəis müavini Aziz Mehmonovun rəhbərlik etdiyi və tərkibinə bir sıra digər qurumların nümayəndələrinin daxil olduğu heyət Azərbaycanın miqrasiya idarəçiliyi ilə bağlı təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
Səfər çərçivəsində Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, miqrasiya idarəçiliyi sahəsində də münasibətlərin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdiyini qeyd edib. 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in bu sahədə sıx əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.
Ötən illər ərzində Azərbaycanın qlobal miqrasiya idarəçiliyində fəal iştirakını diqqətə çatdıran baş idarə rəisi iki ölkə arasında miqrasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin artırılmasının, eləcə də bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin önəminə toxunub.
Səmimi qəbula görə təşəkkür edən Aziz Mehmonov iki ölkənin miqrasiya orqanları arasında qarşılıqlı münasibətlər və mövcud əlaqələrdən məmnunluğunu bildirərək, bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı “Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusunda təqdimat nümayiş edilib, eyni zamanda tərəflər arasında miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
18-19 yanvar tarixlərində baş tutmuş səfər çərçivəsində qonaqlar Bakı şəhər Qanunsuz miqrantların saxlanılması mərkəzində, “ASAN xidmət” mərkəzində və Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olub, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin səlahiyyətli şəxsləri ilə görüşlər keçiriblər.